QORİ MÜƏLLİMLƏR SEMİNARİYASI
XX əsrin əvvəllərinə kimi Azərbaycanda qızlar məktəbə getmirdilər. Oğlanlar isə mədrəsədə * təhsil alırdılar. Burada onlara Quran oxudurdular. Şagirdlər bir neçə il təhsil alsalar da, bir çox elmlərdən xəbərsiz idilər. Ölkədə müxtəlif fənləri tədris edə bilən müəllimlər də yox idi.
Bu dövrdə Gürcüstanın Qori şəhərində Müəllimlər Seminariyası * açılmışdı. Burada ibtidai məktəblər üçün müəllimlər hazırlanırdı. Seminariyada Cənubi Qafqazda yaşayan müxtəlif xalqların nümayəndələri təhsil alırdılar. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dili də ayrıca keçirilirdi.
Qori Müəllimlər Seminariyası yeni açılanda orada Azərbaycan şöbəsi yox idi. Bir çox Azərbaycan ziyalılarının xahişi ilə 1879-cu ildə müstəqil Azərbaycan şöbəsi açıldı. O dövrdə Azərbaycanın bir çox müəllimləri burada təhsil almışdılar. Bir neçə ildən sonra Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Qazax Müəllimlər Seminariyası yaradıldı.