Böyük tənəffüsdə uşaqlar ciddi bir xəbəri müzakirə edirdilər: onların sinif yoldaşı Ceyhun sehrbazla görüşmüşdü. İnanmırsınız? Onda qulaq asın.
Bazar günü idi. Ceyhun narazı halda velosipedini yola tərəf aparır, öz-özünə fikirləşirdi: "Heç bilmirəm, məndən daha nə istəyirlər? Dərslərimi oxumuşam, tapşırıqları yerinə yetirmişəm. Bəyəm bu, kifayət deyil?.."
Birdən skamyada oturan yaşlı bir qadın onu səslədi:
- Oğlum! Deyəsən, fikirləşirsən ki, oxuduqların "kifayətdir", eləmi?
Ceyhun təəccüblə qadına baxdı. O həmin sözləri bərkdən demədiyinə əmin idi. Bu qadın onu necə eşidə bilərdi? Buna baxmayaraq cavab verdi:
- Əlbəttə! Anam deyir ki, əlavə kitablar oxu. "Oxu, oxu!.." Nə qədər oxumaq olar?! Nə lazımdırsa, oxumuşam da!
- Yəni sən hesab edirsən ki, bu biliklər sənin üçün kifayətdir? - deyə qarı gülümsündü. - Nə deyim, ola bilər!
Qəribədir, yaşlı qadın başqaları kimi ona öyüd-nəsihət vermədi. Bu, Ceyhunun xoşuna gəldi.
- Deyəsən, velosiped sürməyə gedirsən? - qadın sözünə davam etdi.
Ceyhun başı ilə təsdiq etdi.
- Bəs bilirsən, ilk velosiped necə olub? - deyə qadın əlindəki kitabı göstərdi.
Ceyhunu maraq bürüdü: "Doğrudan, görəsən, necə olub?". O yaxınlaşıb kitaba nəzər saldı. Orada pedalsız velosiped şəkli gördü. Öz-özünə fikirləşdi: "Görəsən, bunu necə sürürdülər?"
- İstəyirsən, onu necə sürdüklərini sənə başa salım.
"Deyəsən, bu qadın sehrbazdır! Düşündüklərimi eşidir", - Ceyhun fikirləşdi.