Qunduz iri gəmiricidir. Onun bədəninin uzunluğu bir metrə çatır. Bu heyvan çox yaxşı üzür və suyun altında 15 dəqiqə qala bilir. Əsasən, ağac qabığı və yarpaqları ilə qidalanır. Qunduzu heyvanlar arasında ən mahir inşaatçı saymaq olar.
Bu heyvanlar meşələrdə sakit axan balaca çayların qarşısını kəsərək bənd qururlar. Beləliklə, nohur yaranır və qunduzlar bu nohurda yuva tikir, yaşayırlar. Bəs onlar bu mürəkkəb işləri necə görürlər?
Bənd düzəltmək üçün qunduzlar sahildəki bir neçə ağacı kəsib çaya salırlar. Bu zaman onlar çox mürəkkəb hesablamalar aparırlar. Belə ki, küləyin səmtini təyin edir və ağacın gövdəsini elə gəmirirlər ki, o, lazım olan yerə yıxılır. Kəsilmiş ağac çayın iki sahilini birləşdirir.
Sonra bənddə möhkəmləndirmə işləri aparılır: dəlmə-deşiklər daş və budaqlarla hörülür, lil və palçıqla suvanır. Beləliklə, çayın qabağı tutulur və balaca göl yaranır. Qunduzlar yuvalarını bu göldə qururlar.
Qunduz yuvalarının olduqca mürəkkəb quruluşu var. Hər yuvanın iki girişi, yemək və yataq otağı olur. Burada yayda da, qışda da, demək olar ki, eyni temperatur olur, çünki yuvada hava xüsusi kanallar vasitəsilə tənzimlənir.