Bölmə 4. Sağlamlıq və təhlükəsizlik
Yol hərəkəti qaydaları qanunla nizamlanır. Qanunda həm piyadalar, həm sürücülər, həm də sərnişinlər üçün qaydalar var. Piyadalar yol hərəkətində iştirak edən, lakin yolda heç bir iş görməyən şəxslərdir. Onlar səki ilə, piyada zolağı ilə BU hərəkət etməlidirlər. Ehtiyac olduqda velosiped yolundan da yararlanmaq olar. Yolu keçərkən piyada keçidlərindən, yeraltı və yerüstü keçidlərdən istifadə etmək lazımdır.
Piyada keçidlərindən keçərkən yaxınlaşmaqda olan avtomobillərin sürəti, onlara qədər olan məsafə nəzərə alınmalıdır. Yolu yalnız təhlükəsiz şəraitdə keçmək olar. Bəzən uşaqlar dəstə halında yol keçməli olurlar. Bunun üçün günün yalnız işıqlı vaxtından istifadə etmək lazımdır. Həm də bunu ancaq böyüklərin müşayiəti ilə etmək olar.
Sərnişinlər avtobusu yalnız dayanacaqlarda gözləməlidirlər. Avtobus dayandıqdan sonra minmək üçün yolun hərəkət hissəsinə çıxmaq olar. Nəqliyyat vasitəsindən düşdükdən sonra ləngimədən səkiyə çıxmaq lazımdır. Bundan başqa, sərnişinlər hərəkət vaxtı sürücünün diqqətini yayındırmamalıdırlar. Təhlükəsizlik kəməri olan avtomobildə gedərkən kəməri bağlamalı, motosikletdə isə motoşlem geyinməlidirlər. Hərəkətdə olan avtobusun içərisində gəzmək olmaz.
Velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı ilə getməlidir. Velosiped zolağı ilə bağlı yol nişanı da mövcuddur. Yol hərəkəti qaydalarına əməl etmək, məlumatverici, xəbərdarlıq və qadağan yol nişanlarını tanımaq lazımdır.