Bölmə 1. Canlı həyat
Çox kiçikölçülü bakteriyalar, göbələklər mikroorqanizmlərə aid edilir. Onlar bizi əhatə edən hər yerdə: insan orqanizmində, qida məhsullarının üzərində və təbiətdə yaşayırlar. Onlardan tibdə də istifadə olunur.
Mikroorqanizmləri iki cür qruplaşdıra bilərik: ziyanlı və faydalı. Süd məhsullarının - qatıq və pendirin hazırlanmasında, spirtin alınmasında mikroorqanizmlərdən istifadə olunur. Onlara insan orqanizmində də rast gəlinir. Bəzi mikroorqanizmlər insanın bağırsağında yaşayır və qidanın həzm olunmasına kömək edir. Onlar olmazsa, insan orqanizmindəki proseslər düzgün getməz, orqanizm zəifləyər və bu, xəstəliklərin yaranmasına gətirib çıxara bilər.
Bir qrup mikroorqanizmlərdən müxtəlif xəstəliklərin müalicəsində istifadə etmək üçün dərman hazırlanır. Mikroorqanizmlər içməli suyun təmizlənməsində, torpağın əmələ gəlməsində də iştirak edir. Lakin mikroorqanizmlərin insan üçün faydası kimi, ziyanı da vardır.
Bəzi mikroorqanizmlər qida maddələrini istifadə edilə bilməyəcək hala salır. Yəqin ki, meyvələrin, çörəyin çox saxlandığı zaman üzərində yaşıl, qara kif örtüyünün əmələ gəldiyini görmüşsünüz. Bunu törədən kif göbələkləridir. Bu cür qida məhsullarından istifadə etmək olmaz. İnsanlar alma, armud, xurma, gavalı və s. kimi meyvələri xarab olmaqdan qorumaq üçün qurudur, bəzi tərəvəzləri duza, turşuya qoyurlar.
Mikroorqanizmlərin bəziləri bitki və heyvanlarda, insanda xəstəliklərə səbəb olur. İnsanda vərəm, angina, keçəllik kimi xəstəlikləri törədən məhz mikroorqanizmlərdir.