Bölmə 1. Canlı həyat
İnsanlar hər zaman öz orqanizmlərini öyrənmiş və sağlamlıqları-
nın qayğısına qalmışlar.
Sağlam həyat tərzi dedikdə insanın gümrah yaşaması və xəstəliklərdən uzaq olması nəzərdə tutulur. Sağlamlığın qayğısına qalıb xəstələnməmək orqanizmi müalicə etməkdən daha yaxşıdır.
İnsan sağlam qalmaq üçün gün rejimini düzgün qurmalı, düzgün qidalanmalı, zərərli vərdişlərdən uzaq olmalıdır. Gün rejiminə əməl etmək vacibdir. Belə olduqda insan intizamlı olmağı, işlərini, vəzifələrini vaxtında yerinə yetirməyi öyrənir. Bu isə əlavə gərginliyin yaşanmasına mane olur. İdmanla məşğul olmaq, hava şəraitinə uyğun geyinmək, həmyaşıdlarla daim xoş ünsiyyət saxlamaq da sağlamlığa müsbət təsir göstərir.
Sağlam qidalanma və yuxu rejiminə əməl etmək məktəblilər üçün çox vacibdir. Bu qaydalara əməl edilmədikdə diqqətin itməsi, bədən çəkisinin normadan çox və ya az olması, zəiflik və həddindən artıq yorğunluq yaranır. Yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsi baş verir. Ona görə də həkimlər məktəblilərin axşam saat 21:00-dan gec yatmamasını, sağlam qidalanmasını məsləhət görürlər.
Kompüterlərdən həm bilikləri artırmaq, həm də əyləncə məqsədilə istifadə olunur. Lakin uzun müddət kompüterdən istifadə etmək insanın sağlamlığına mənfi təsir göstərir. Kürək və baş ağrıları, yuxu pozğunluğu və gərginlik yaradır. Görmə qabiliyyətini zəiflədir. Kompüterdə işləyərkən ekran gözlərinizdən 55-65 sm aralı olmalıdır. Kompüter olan otaqda və zallarda hava tez-tez dəyişdirilməlidir.