Bölmə 2. Fərd, ailə və cəmiyyət
Bütün canlıların nəfəs almaq, su içmək, qidalanmaq kimi təbii ehtiyacları vardır. Biz bu xüsusiyyətlərlə birlikdə doğulmuşuq və onlar bizim təbiətin bir parçası olduğumuzu göstərir. İnsan düşünmək, fikir yürütmək, nitq bacarığı ilə digər canlılardan fərqlənir. O, əməklə məşğul olur. Müəyyən inanclara, davranış mədəniyyətinə sahibdir. Bütün bu bacarıqlar isə yalnız ünsiyyət nəticəsində əldə edilir. Əgər balaca bir uşaq başqaları ilə ünsiyyətdə olmazsa, danışmağı öyrənə bilməz. Deməli, nitq bacarığına sahib olmaz. Ünsiyyət qurmadan təhsil almaq, davranış qaydalarını öyrənmək də mümkün deyil.
Ünsiyyət ilk dəfə ailədə qurulur. Biz anaya, ataya, Vətənə, insana sevgini ailədə öyrənirik. Qayğını, diqqəti, mehribanlığı, birgə əməkdaşlıq bacarığını mənimsəyirik. Cəmiyyət fərdlərdən, ailələrdən və kollektivlərdən ibarət olduğu üçün ailədə əsası qoyulan bu bacarıqlara sonralar təhsil aldığımız və çalışdığımız kollektivlərdə, cəmiyyətdə ehtiyacımız olur. Onlar bizim kollektivdə və cəmiyyətdəki davranışlarımıza təsir göstərir.
İnsan bir fərd olaraq əvvəlcə ailədə, daha sonra isə kollektivdə və cəmiyyətdə başqaları ilə ünsiyyət nəticəsində ictimai davranış qaydalarını və dəyərləri mənimsəyir. Bu yolla inkişaf edir, formalaşır və nəticədə, sosial varlığa çevrilir.
Ailələr, onların yetişdirdiyi fərdlər, bu fərdlərin qoşulduqları kollektivlər cəmiyyəti təşkil edir. Deməli, cəmiyyətin uğurla inkişaf etməsi, insanlar arasında münasibətlərin daha dözümlü və yaxşı olması fərdlərdən, ailələrdən və kollektivdən asılıdır.