Bölmə 2. Fərd, ailə və cəmiyyət
İnsanın müsbət mənəvi xüsusiyyətləri arasında ailə və Vətən sevgisi ən vacib yeri tutur. Bunlar bir-biri ilə çox bağlı anlayışlardır. Çünki insanı Vətəninə bağlayan, ilk növbədə, ailəsidir. Vətən ailəmizin məskənidir. Doğulduğumuz, yaşadığımız, böyüdüyümüz torpaqlardır. Ulu babalarımızın, onların ulu babalarının, eyni zamanda da gələcək nəsillərimizin ən dəyərli nemətidir. Ailə kimi, Vətən sevgisi də insanların daxilində böyüyən bir hissdir.
O öyrədilmir. Sadəcə, ürəyimizdə məskən salır. Himnimiz səslənəndə, bayrağımız yüksəklərə qaldırılanda, idman, mədəniyyət və elm sahələrində həmvətənlərimiz uğur qazananda qürur duyuruq. İgid əsgərlərimiz zəfər yürüşü ilə addımlayanda ürəyimiz həyəcanla döyünür. Gözəl təbiətimizdən, sərvətlərimizdən, torpaqlarımızdan, tariximizdən, maddi dəyərlərimiz olan abidələrimizdən danışdıqda fəxr edirik. Mənəvi abidələrimizdən - musiqimizdən, muğamlarımızdan danışanda həyəcanlanırıq. Bu hissləri bəzən sözlə ifadə etmək çətindir. Əslində, bu, Vətən sevgisidir.
Bütün sevgilər kimi, Vətən sevgisi də yalnız hisslə bağlı deyil. Eyni zamanda vəzifə və mənəvi borc tələb edir. İnsan sevdiklərinə, ailəsinə qarşı necə diqqətli, qayğıkeş olursa, Vətənə qarşı da olmalıdır. Ailəsini, onun dəyərlərini necə qoruyursa, Vətənini, onun sərhədlərini, maddi və mənəvi sərvətlərini də eyni şəkildə qorumalıdır. Hətta lazım gəldikdə, Vətən uğrunda canından belə keçməyi bacarmalıdır. Ailəmizin tarixini, keçmişini, dəyərlərini necə biliriksə, Vətənimizin də tarixi keçmişini, mədəniyyətini, dəyərlərini o cür tanımalıyıq. Bu, Vətən qarşısında ən böyük mənəvi borcumuzdur.