Bölmə 3. Dövlət və hüquq
Dilindən, dinindən, cinsindən asılı olmayaraq, insan hüquqları hamıya şamil edilir. Uşaqların da öz hüquqları var. Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı “Uşaq hüquqları haqqında” Qanun mövcuddur. Qanun uşaqlara valideynlərlə birlikdə və onların qayğısı altında, normal şəraitdə yaşamaq hüququ verir. Dövlət bu şəraiti təmin etməyi, bunun üçün tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
”Uşaq hüquqları haqqında” Qanunda hüquqlardan başqa, vəzifələr də müəyyən edilir. Uşaqların əsas vəzifələri cəmiyyətdə davranış qaydalarına əməl etmək, dövlət rəmzlərinə bələd olmaqdır. Uşaqlar biliklərə yiyələnməli, özlərini faydalı fəaliyyətə hazırlamalı, tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumalıdırlar.
Dövlətimiz bütün dünya uşaqlarının hüquqlarının qorunmasından bəhs edən “Uşaq hüquqları haqqında” Konvensiyaya imza atıb. Bu sənəd bəzi dünya ölkələrində kiçik yaşlarından işləməyə məcbur olan, təhsildən kənarda qalan, hətta aclıq çəkən uşaqların hüquqlarını qorumaq məqsədilə qəbul edilib. Onu imzalayan dövlətlər uşaq hüquqlarını qorumağa borcludur.
Konvensiyada uşaqların yaşamaq və sağlam inkişaf etmək, birləşmək və dinc toplaşmaq azadlığının olduğu qeyd edilir. Bu sənədə əsasən, uşaqların səhiyyə sisteminin xidmətindən istifadə etmək, təhsil almaq, zorakılıqdan müdafiə olunmaq hüququ var. Konvensiyada deyilir: uşaqlar cəmiyyətdə elə yetişdirilməlidir ki, onlarda “yox” demək bacarığı olsun. Hüquqlarını bilən və onun başqa şəxslər tərəfindən pozulduğunu anlayan uşaqlar özlərini və həmyaşıdlarını müdafiə etməyi bacarmalıdırlar.