Bölmə 1. Canlı həyat
Yer üzərində canlılar nə qədər müxtəlif olsa da, onları
birləşdirən bir sıra ümumi xüsusiyyətlər var. Canlılar qidalanır,
tənəffüs edir, hərəkət edir, çoxalır, böyüyür, inkişaf
edir. İnsan da canlıdır. Onun orqanizmində də bu proseslər
baş verir. Deməli, o da digər canlılar kimi bioloji varlıqdır.
Orqanizmdə baş verən proseslərdə müxtəlif orqanlar iştirak
edir. Onların orqanizmimizdə müəyyən yeri və funksiyası var.
Orqanlar bir-biri ilə əlaqəli işləyir. Bədənimizdəki bütün orqanların
işini tənzimləyən beyindir. O, bədənimizi idarə edir və digər orqanların
işini nizamlayır.
Ürək qanı damarlara ötürür. Qan damarlarda hərəkət edərək qida
maddələrini bədənimizin hər yerinə çatdırır, zərərli maddələrin isə
çıxarılmasını təmin edir. Biz ağ ciyərlər vasitəsilə tənəffüs edirik.
Nəfəs aldıqda və verdikdə ağ ciyərlərin həcmi dəyişir. Nəfəs aldıqda
oksigenlə zəngin hava ağ ciyərlərə daxil olur. Nəfəs verdikdə isə karbon
qazı ilə zəngin hava ağ ciyərlərdən çıxır.
Böyrəklər qanı süzgəc kimi süzərək bədənimizi zərərli maddələrdən
təmizləyir. Qara ciyər isə tərkibindəki zəhərli maddələri zərərsizləşdirərək
qanı bədənimizə ötürür.
Qəbul etdiyimiz qidalar ağızda çeynənir və mədəyə düşür. Mədə
əzələlərinin yığılıb-boşalması nəticəsində qida qarışır və mədə şirəsinin
təsiri ilə həzm olunur. Həzm prosesi bağırsaqlarda davam edir.
Orqanlarımızın yerinə yetirdiyi işi bilmək vacibdir.