Bölmə 4. Sağlamlıq və təhlükəsizlik
Fövqəladə hallar təbii fəlakətlər və texnogen qəzalar nəticəsində yaranır. Zəlzələ, sel, daşqın, torpaq sürüşməsi, vulkan püskürməsi, qar uçqunu, sunami, fırtına və s. fövqəladə halları yaradan təbiət hadisələridir. Texnogen mənşəli fövqəladə hallar isə insan fəaliyyəti nəticəsində baş verir.
Müasir dövrdə ən təhlükəli texnogen qəza kimyəvi və radioaktiv
qəzalardır. Çünki bu zaman ətraf mühit və insanlar zəhərlənir.
İnsanlar bu cür qəzalar baş verdikdə necə davranmaq lazım gəldiyini bilməlidirlər. Bundan başqa, belə hadisələrin baş verə biləcəyi ərazilərlə bağlı təhlükəsizlik nişanlarına diqqət yetirmək, onların olduğu yerlərdə ehtiyatlı davranmaq lazımdır. Bu zaman insanlar həm özlərini, həm də başqalarını bir çox qəzalardan qoruya bilərlər.
Məsələn, otaqda yanğın törədə biləcək maddələrin olmasını xəbər verən lövhələr üçbucaq formada və sarı rəngdə olur. Bu işarənin ətrafında qara haşiyə verilir, mərkəzdəki şəkil isə qara rəngdədir. Tezalışan maddələrin, oddan təhlükəli avadanlıqların olduğunu xəbər verən nişanın mərkəzində yanan ocaq şəkli təsvir edilir. Partlayışın təsvir olunduğu nişan partlayış təhlükəsinin olduğundan xəbər verir. Zəhərli maddələrin olduğunu göstərən nişanın üzərində isə kəllə və kəsişən sümük işarələri olur. Bundan başqa, radioaktiv maddələrin, zəhərli qazların yarana biləcəyini xəbər verən nişanlar var ki, onlar da sarı rəngdədir və mərkəzində ventilyator işarəsi çəkilib.
Təhlükəsizlik nişanları arasında qadağanedici nişanlar da var. Onlarda qırmızı rəngli dairənin üzərində kəsişən xətt təsvir edilir.
Əslində, bu işarələrə diqqətlə baxdıqda onları oxumaq mümkündür.