Bölmə 4. Sağlamlıq və təhlükəsizlik
Fövqəladə hallar baş verdikdə ilk tibbi yardım bacarıqları sizin köməyinizə çatacaq. Lakin siz həm də yaşadığınız mənzilin, binanın, məhəllənin, ərazinin planını bilməlisiniz. Çünki plan əsasında təkcə binadan çıxışın, məhəllədə sizə lazım olan obyektlərin yerini deyil, həm də necə və hansı istiqamətdə hərəkət etməli olduğunuzu da biləcəksiniz. Deməli, siz həm planı çəkməyi, həm də oxumağı bacarmalısınız.
Plan istənilən bir əşyanın və obyektin yuxarıdan görünüşüdür. Planda əşya, bina və məhəllələr haqqında məlumatlar əks olunur. Stolun üstündəki kitab, stəkan, qələmqabı planda görünüşlərinə uyğun şəkildə - düzbucaqlı, dairə, kvadrat kimi göstərilir. Mənzildəki əşyalar, binadakı otaqlar, məhəllədəki binalar da formalarına uyğun təsvir edilir.
Planda hər bir predmetin, obyektin yeri dəqiq göstərilməlidir. Məsələn, binanın planına əsasən, siz burada nələrin yerləşdiyini, necə və hansı sıra ilə düzüldüyünü, çıxışların harada olduğunu və s. görə bilərsiniz. Məhəllənin düzgün tərtib edilmiş planına əsasən, binaların düzülüşünü, aptek, polis bölməsi, mağaza və bağçanın harada yerləşdiyini, həmçinin digər obyektlərin yerini müəyyən etmək olar.
Evlər tikilməzdən, məhəllə və küçələr, hətta şəhərlər belə salınmazdan əvvəl mütləq onların planı tərtib edilir.
Planda təsvir edilən əşyaların ölçüləri, ən azı, on dəfə kiçildilməlidir. Bundan daha artıq da kiçildilə bilər. Bu barədə məlumat planın küncündə mütləq qeyd edilməlidir.