Sadə musiqi dili ilə fərqlənən mahnı geniş yayılmış
janrdır. O, melodiya ilə sözün vəhdətindən yaranır.
Mahnılar müxtəlif xarakterli olur. Şeirin məzmunu,
melodiyanın major və ya minor ladında yazılması, tempi
və digər musiqi ifadə vasitələri mahnının xarakteri
haqqında fikir söyləməyə imkan yaradır.
Bir çox operalarda obrazların xarakterini açmaq üçün
bəstəkarlar mahnılardan da istifadə edirlər. Belə
operalardan biri dünya şöhrətli Azərbaycan bəstəkarı
Fikrət Əmirovun "Sevil" operasıdır. Opera görkəmli
Azərbaycan yazıçısı Cəfər Cabbarlının eyniadlı əsəri
əsasında yazılmışdır. Əsər XX əsrin əvvəllərində olan
mühüm bir problemə həsr edilmişdir: qadın azadlığı,
onun bir şəxsiyyət kimi yüksəlişi.
Operanın əsas qəhrəmanlarından biri Sevildir. Bu obrazın
övlada olan məhəbbətini əks etdirmək üçün bəstəkar
layladan istifadə etmişdir.