Yer kürəsi milyon illər boyu bir neçə
inkişaf dövründən keçib. Bu dövrlər
ərzində Yerin daxilində və səthində
müxtəlif dəyişikliklər baş verib.
Dağlarda, düzənliklərdə, çay və dəniz
sahillərindəki fərqli ölçü və rənglərdəki
süxurlar bu dəyişikliklərin izlərini
daşıyır.Alimlər süxurları öyrənməklə
qədim dövrlərdə Yer kürəsində baş
vermiş və hazırda baş verən proseslərə
dair məlumatlar əldə edirlər.
İnsanlar süxurlardan müxtəlif məqsədlər üçün istifadə
ediblər. Qədim insanlar süxurlardan kəsici alətlər
düzəldir, orta əsrlərdə yaşayan sənətkarlar isə müxtəlif
rəngli boyalar hazırlayırdılar. Müasir dövrdə çox sayda
insanın yaşadığı böyük binalar tikmək üçün dayanıqlı
süxurlardan istifadə olunur.
Alimlər süxurları öyrənərkən bəzən onların daxilində
qədim dövrlərdə yaşamış və nəsli kəsilmiş canlıların
qalıqlarına rast gəlirlər. Onlar süxurlardan və süxurların
mühafizə etdiyi canlı qalıqlarından digər mənbədən
əldə edilməsi mümkün olmayan məlumatlar öyrənirlər.
Bölmədə öyrənəcəksiniz
- Süxurlar təbii proseslər nəticəsində və uzun müddətdə yaranır
- Süxurların bir neçə növü var
- Təbiətdə süxurların dövranı baş verir
- Hava şəraiti süxurların formasına və tərkibinə təsir edir
- Münbit torpaqlar süxurlardan və canlı qalıqlarından yaranır
- Münbit torpaqlar insanların və digər canlıların yaşaması üçün vacibdir