Qüvvələrin cisimlərə təsirini öyrənməklə
göy cisimlərinin, nəqliyyat vasitələrinin və
müxtəlif əşyaların niyə və necə hərəkət
etdiyini izah etmək mümkündür. Qüvvə
ilə hərəkət arasındakı əlaqəni bilmək bir
cismin müəyyən vaxtdan sonra harada
olacağını dəqiqliklə hesablamağa imkan
verir.
Gündəlik həyatımızda biz də müxtəlif
qüvvələrin təsirinə məruz qalır, həmçinin
müxtəlif cisimlərə qüvvə tətbiq edirik.
Aya enmiş astronavtın qoruyucu geyimlə birlikdə kütləsi
100 kiloqramdan çox idi. Astronavtın kütləsi Yerdə və
Ayda eyni olsa da, Ayda ona təsir edən cazibə qüvvəsi
Yerdəkindən az olduğu üçün o, asanlıqla hərəkət edə,
hətta tullana bilirdi. Astronavtlara və kosmik gəmiyə təsir
edən qüvvələri dəqiqliklə hesablamadan Aya uçmaq, Ay
səthinə enmək və Yerə qayıtmaq mümkün olmazdı.
Bölmədə öyrənəcəksiniz
• Cismin hərəkəti ona təsir edən qüvvələrdən asılıdır
• Cismə təsir edən qüvvələr oxlarla göstərilir
• Bir cismə bir neçə müxtəlif qüvvə təsir edə bilər
• Cismə tarazlaşan qüvvələr təsir etdikdə onun hərəkəti dəyişmir
• Cismə tarazlaşmayan qüvvələr təsir etdikdə onun sürəti artır və ya azalır
• Sizcə, Aya göndərilən kosmik
gəminin Yeri tərk etməsi daha
çətindir, yoxsa Ayı?
• Sizə təsir edən qüvvələrə
gündəlik həyatdan hansı
nümunələr göstərə bilərsiniz?