Yer planeti Günəş ətrafında dövr edən
göy cismidir. Yerdən başqa, Günəş
ətrafında müxtəlif ölçüləri və xüsusiyyətləri
olan çox sayda göy cismi hərəkət edir.
Hazırda insanlara məlum olan göy
cisimlərindən yalnız Yer kürəsində həyat var.
İnsanlar Günəşin və digər göy cisimlərinin
Yerə təsirini qədim dövrlərdən etibarən
öyrənirlər. Qədim insanlar dənizlərdəki
qabarma və çəkilmələrin vaxtını müəyyən edə,
Ayın görünüşünə əsasən təqvim hazırlaya
və uzaq məsafələrə səyahət edərkən ulduzlara
görə istiqaməti təyin edə bilirdilər.
Hazırda Marsda və Ayda insanların yaşaması üçün
şəraitin hazırlanması və başqa planetlərdə həyatın
olub-olmadığının müəyyənləşdirilməsi kosmosu
öyrənən alimlərin əsas məqsədləri arasındadır.
1977-ci ildə kosmosa göndərilən "Voyager" zonduna Yer kürəsinin
şəkilləri və müxtəlif xalqların musiqilərindən nümunələr, həmçinin
insanlar və Yer kürəsinin kosmosdakı yeri haqqında məlumatlar
qeyd olunmuş disk yerləşdirilib. Diskdəki musiqi nümunələri
arasında Azərbaycan musiqisi də var.
Əgər kosmosda canlılar varsa və onlar "Voyager" zondu ilə
qarşılaşsalar, diskdəki məlumatlar əsasında Yer kürəsi və insanlar
haqqında ilkin təsəvvürə malik ola bilərlər.
Bölmədə öyrənəcəksiniz
• Günəş sistemi Günəş adlı ulduzun ətrafında dövr edən göy cisimlərindən ibarətdir
• Göy cisimlərinin ulduzlar, planetlər, asteroidlər, cırtdan planetlər kimi müxtəlif növləri var
• Ayın Yerdən müşahidə olunan görünüşündəki dəyişikliklər ay ərzində təkrarlanır
• Fəsillər Günəş şüalarının Yer səthinə müxtəlif bucaqlar altında düşməsi nəticəsində yaranır
• Azərbaycanda illik orta temperatur və yağıntının miqdarı ərazilərə görə fərqlənir