Adı qızıl hərflərlə zəfər tariximizə yazılan qəhrəmanlarımızdan biri Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Elzamin Təhməzovdur. Əslən laçınlıdır. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyanın məzunu olub. Müxtəlif ölkələrin hərbi təlimlərində iştirak edən polkovnik-leytenant NATO təlimlərində Azərbaycanı təmsil etmişdir. NATO təcrübəli zabitimiz bütün bilik və bacarıqlarını Vətən müharibəsində tətbiq edərək hərbçiləri döyüş üçün ruhlandırmışdır.
Vətən müharibəsi başlayan zaman Elzamin Təhməzov Murov yüksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş, bir çox düşmən postlarının alınmasında böyük qəhrəmanlıq göstərmişdir. Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə isə düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi xilas edib.
Polkovnik-leytenant sentyabrın 29-da düşmən tərəfindən atılan minamyot mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəf, ləyaqət və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elzamin Təhməzov ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.