QİYMƏTLƏNDİRMƏ MATERİALI
Zeynal bəy
(ixtisarla)
Pristavın müavini Zeynal bəy sabah ertə dəftərxanaya gələndə orada ayrı halət gördü; qorodovoylar süpürhasüpür salmışlar, pristav da dəli kimi otaqda o yan-bu yana qaçır, qorodovoyların üstünə çığırırdı:
- Müftəcə məvacib alıb il uzunu bircə qəpikliksə də iş görmək istəmirsiniz. Elə onu bilirsiniz ki, dəftərxanaya girəndən rüşvət alırsınız. Budur, qubernator üç günə kimi gəlir, hamınızı it kimi qulluqdan qovacaq.
Zeynal bəy qubernatorun gəlməyini eşidəndə qorxusundan qıçları nağara ağacı kimi tərpənməyə başladı. “Pristav qorodovoylarımı qorxudur, yoxsa elə gerçəkdən qubernator gəlir?” sözlərini başından keçirdisə də, həllinə aciz qaldı.
- Nikolay Semyonoviç, doğrudan, qubernator gəlir?
Zeynal bəy yüngül bir təbəssüm və cəsarətsiz bir səslə sual etdikdə pristav acıqlı:
- Necə yəni “doğrudan”? Bəs siz ilə mənim zarafatım var?.. Özü də cəmi məmurlan qulluqdan qovacaq!..
Pristav sözünü kəsdi və qorodovoyların birinin böyrünə bir dürtmə salıb çığırdı:
- Eşşək, hələ qulaq asır, tez olun, ban dəftərxananı süpürüb təmizləyin, görək işimiz nə təhər olur!
Qorodovoylar süpürgələri götürüb cəld süpürməyə girişdilər.Bəzisi köhnə dəftərləri töküb çırpırdı, kimi mürəkkəb qablarındakı milçək ölülərini atıb yerinə mürəkkəb tökürdü. Tozdan göz gözü görmürdü.
- Zeynal bəy, durmaqdan fayda yoxdur! Barı get bazarı və küçələri süpürt.
Bu sözlər elə bil Zeynal bəyi dərin bir yuxudan ayıltdı, rəngi qaçmış üzünü fövrən pristava çevirib təəccüblü:
- Bə deyirsiniz qubernator üç günə kimi gəlir, bu az vaxtda bazar-küçəni təmizlətmək olarmı? Orada yüz araba zibil var.
“Qubernator” sözü yenə Zeynal bəyi qorxuya saldı və şiddətli bir titrəmə vücuduna yayıldı. Pristav bir də:
- De nə edək? Ban dəftərxanaya gələn küçəni süpürt ki, qubernator görüb acığı tutmasın.
Zeynal bəy pristavın sözünü yanrımçıq qoyub ağır fikir və xəyal içində dəftərxanadan çıxdı. Ən əvvəl dəftərxanaya gələn küçənin uçub-dağılmış sərbəndi onun gözünə sataşdı. Bunun sağ tərəfini tutan şəhər bağı idi, bundan da o tərəfə bir neçə hisli ev nəzəri cəlb edirdi. Zeynal bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə başını aşağı salıb yavaş-yavaş getməyə başladı və bir az getməmişdi ki, bir qorodovoyu yatmış gördü. Qorodovoy qış günəşinin isticə şüası altında laqeydanə xoruldayırdı. Və hər xoruldadıqca belindəki sınıq qından çıxmış xəncərin paslı ucu rəngi soluq çuxanın altından enib-qalxırdı.
Zeynal bəy acığından bığını gəmirə-gəmirə yetirib qorodovoyu təpiklədi. Qorodovoy yuxudan dik atılıb gözlərini Zeynal bəyə dikdi və əlini gicgahındakı gödək və hənalı birçəyi üstə qoyub təzim etdi:
- Başına dönüm, bəy, nə qulluğun var?
- Nə olacaq, canınıza dərd var! Bu bağın cağını niyə söküb yandırmısınız?
- Vallah, bəy, gecələr çox soyuq olur.