İnşa və essenin yazılması ilə bağlı artıq müəyyən təcrübəniz var. Bu dərs ilində icra edəcəyiniz işlər əvvəllər qazandıqlarınızın inkişafına, eləcə də informasiya xarakterli məruzə üzrə yeni yazı bacanqlanm mənimsəməyinizə əhəmiyyətli təsir edəcəkdir.
İnformasiya xarakterli məruzənin hazırlanması üzrə iş sizin tədqiqatçılıq bacarığınızın inkişafına səbəb olacaqdır. Müxtəlif mənbələrdən məlumat və faktların toplanması, təhlil edilməsi, daha vacib olanlarının seçilməsi, əlaqələndirilməsi və s. müstəqil və yaradıcı fəaliyyətinizə səmərəli istiqamət verəcəkdir.
Məruzənin mətnində (əsas hissədə) başlıca fikrin - ideyanın müəyyənləşdirilməsi və şərhi çox əhəmiyyətlidir. Bunun üçün materialın düzgün seçilməsi və yerləşdirilməsi zəruridir.
Siz seçdiyiniz mövzuya uyğun hazır mətnləri köçürməməli, istifadə etdiyiniz ədəbiyyata istinad etməklə öz fikirlərinizi əks etdirməli və əsaslandırmalısınız. Mənbələrdən sitatların seçilməsinə diqqətlə yanaşmalısınız. Sitat öz fikrini əsaslandırmaq, aydınlaşdırmaq, sübuta yetirmək üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlara deyilir. Öz fikrinizi sübut etmək, aydınlaşdırmaq üçün sitatlardan istifadə edərkən onun mənbəyini göstərməlisiniz.
Məruzədəki hər sözün, terminin mənası, ilk növbədə, özünüzə aydın olmalıdır. “Ulu Öndər Heydər Əliyev klassik sənətkarlarımız haqqında”, “Nizami Gəncəvinin poema yaradıcılığı”, “Cəlil Məmmədquluzadənin hekayələri” və s. mövzularda şagird məruzələrindən dərs prosesi ilə yanaşı, məktəb tədbirlərində, yubileylərdə, müsabiqələrdə istifadə olunması məqsədəuyğundur.