İNTİBAH DÖVRÜ AZƏRBAYCAN ƏDƏBİYYATI
bölməsi üzrə
NİZAMİ GƏNCƏVİ
Zalım şahla duzdanışan qocanın hekayəti
(“Sirlər xəzinəsi” poemasından)
Xalqa yağı şah vardı, zülmkarın biriydi,
Həccacdan da betərdi, lap qəddarın biriydi.
Hər gecə - min qəzanın fərmanıydı ölkədə,
Hər səhər - min cəzanın fərmanıydı ölkədə.
Şah yanına bir çuğul səhər tezdən qaçardı,
Ay, gün açmayan sirri o, əlüstü açardı.
Gecə yatmayıb, Aydan dolanmağı öyrənər,
Səhərdən hər ürəyə boylanmağı öyrənər.
Şaha xəbər verərdi: biri sənə yağıdır,
Deyir: “Zalım şahımız nahaq qanlar axıdır”.
Çuğulçunun sözündən qəzəblənib şah dindi:
“Düşmənimin cəzası yalnız ölümdür indi”.
Qum tökdürdü gön üstə, cəllad hazır dayandı,
Divanənin cəzası divlərə də əyandı.
Yeltək cumdu bir cavan mərd qocanın yanına,
Dedi: “Şahın hökmüylə batmalısan qanına,
Çağırmamış divsifət, dur, özün get saraya,
Tez başına çarə qıl, çatan olmaz haraya”.
Yuyunaraq boynuna kəfən saldı o qoca,
Getdi şahın yanına, əhli-haldı o qoca.
Şah görəndə kəfəni, bildi, nədir bu halət,
Qəzəbindən utanıb özü çəkdi xəcalət.
Dedi: “Qoca, qaramca sən o ki var demisən,
Mənə zalım demisən, mənə qəddar demisən.
Süleymanın cəlalı, görürsən ki, mənimdir,
Söylə, niyə deyibsən, şah ölkəyə qənimdir?”
Qoca dedi: “Adına mən yoxsa şər demişəm?
Dediklərin nədir ki?! Ondan betər demişəm.
Qoca, cavan əlinlə içib ölüm zəhəri,
Biyarın cana yığıb saysız kəndi, şəhəri.
Mən deyirəm eybini, şər işini özünə,
Göstərirəm güzgütək hər işini özünə.
Hər eybini göstərər alsan ələ güzgünü,
Utan, qızar eybindən, qırma elə güzgünü.
Düzlüyümlə sadiq bil hökmdara sən məni,
Əgər doğru demirəm, çəkdir dara sən məni”.
Şaha sübut elədi düzlüyünü o qoca.
Açdı şahın qəlbindən hər düyünü o qoca.