XI əsrin ortalarından başlayaraq Azərbaycanda farsca yazmaq ənənəsi başlayır. Bu yüzillikdə ərəbcə yazan şair və alimlərimiz olsa da, farsca yazanların sayı get-gedə çoxalır. Hökmdarların fars dilinə üstünlük verməsi, bu dildə yazanlara qayğı göstərməsi həmin ənənənin uzun illər davam etməsi ilə nəticələndi. XI-XII əsrlərdə yazılı ədəbiyyat nümunələri daha çox saraylarda yaşayan sənətkarlar tərəfindən yaradılırdı. Onların əsərləri, əsasən, hökmdarların mədhinə -tərifinə həsr olunsa da, fərqli məzmunda əsərlər də yazılırdı.
Həmin dövrdə qüdrətli sənətkarlarımızın yaradıcılığında xalqımızın milli-mənəvi varlığı, dünyabaxışı, mübarizəsi, idealları yüksək sənətkarlıqla əks etdirilirdi. Azərbaycan ədəbiyyatı xalqımızın taleyi, inkişafı və mübarizəsi ilə əlaqədar ən mühüm problemləri, ciddi ictimai-mənəvi mətləbləri ifadə edirdi. Təbiətin, saf məhəbbətin tərənnümü, əmək adamlarına, sadə peşə sahiblərinə rəğbət, zəmanə hökmdarlarından narazılıq və s. əks olunduğu əsərlər bu gün də maraqla oxunur.
Azərbaycan poeziyasında ədalət və humanizm ideallarının, insan mənəviyyatının, böyük sevginin tərənnümü, mühüm mətləbləri ifadə etməyə imkan verən aşiqanəlik və romantika aparıcı mövqe qazanmışdı. Milli və ümumbəşəri ideyaların qüvvətlənməsi, epik mənzum ədəbiyyatın yüksək inkişaf səviyyəsinə çatması da həmin dövrün mühüm xüsusiyyətlərindəndir.
Bütün bunlar XI-XII əsrlər bədii söz sənətimizi İntibah dövrü Azərbaycan ədəbiyyatı kimi səciyyələndirməyə əsas verir. Bu dövrdə Azərbaycanda ümumşərq intibah mədəniyyətini zənginləşdirən böyük ədəbiyyat yaranmışdır.
XI əsrdə Qətran Təbrizi, XII əsrdə Nizami Gəncəvi, Əfzələddin Xaqani, Məhsəti Gəncəvi və digər qüdrətli sənətkarlar yaşayıb-yaratmışlar. İntibah poeziyasının zirvəsi olan Nizami Gəncəvi yaradıcılığı bəşəri dəyərlərə əvəzsiz töhfə verən mənbə kimi bütün dünyada qiymətləndirilir.