“İraqa, İrana eyləsəm səfər,
Başıma yağıştək yağar simü zər...
Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim...
Lakin üzüm gülməz, gözlərim ağlar...
Qəlbimdə dağ qədər ağır intizar.
Vətən həsrətilə töküb göz yaşı,
“Ah, vətən!” deyərəm mən hər sözbaşı”
Fitnə törətmə, ey fitnəkar cavan!
Fitnədir elləri dərdlərə salan.
Cana məlhəmsə də vəfa, etibar,
Fitnəkarlıq edər onu tarımar.
Hiylə - oğurluqdur, xoşsa əvvəli,
Oğrunun axırda kəsilər əli.
Nifaq xəstəsisən nə qədər ki sən,
Əlac saymaqdan da ziyan görərsən.
Vəfa küçəsində ev tut, yəqin bil:
Vəfa mənzilidir ən yaxşı mənzil.
Bu gün yoxdursa da kimsədə vəfa,
Vəsiyyət edirəm, olma bivəfa.
Çalış, az dostluq et, etsən də əgər,
Dostluqda möhkəm ol, sözdə mötəbər.
Dostu qovanları alma yanına,
Yoxsa gözün ağlar bu əhvalına.
Dostun haqlı vursa birini zinhar,
Demək ki, layiqdir, çıxma havadar.
Dost müttəhim edib kimi etsə rədd,
Qardaşın olsa da, önünə çək sədd.