Füzuli ana dilimizdə yaranmış əsl lirik şeirin böyük banisi və ölməz dahisidir. O, qəzəllərində bütün keçmiş ədəbi irsin nailiyyət və zənginliklərini inkişaf etdirmiş, öz dühası ilə Azərbaycanda lirik şeirin ən yüksək nümunələrini yaratmışdır.
Mir Cəlal
Xəlqə ağzın sırnnı hər dəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.
Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər,
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.
Olmayan ğəvvasi-bəhri-mərifət arif degil
Kim, sədəftərkibi-təndir, lölöi-şəhvar söz.
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.