Xalqımız XVII-XVIII əsrlərdə əmin-amanlıq içində yaşamamışdır. XVII əsrin əvvəllərində Səfəvi dövləti milli mahiyyətini itirir, daha sonra ölkədə hərc-mərclik güclənir, on səkkizinci yüzilliyin birinci yarısında isə Azərbaycan müharibə meydanına çevrilir. Əsrin ikinci yarısında xanlıqlara bölünmə ölkənin və insanların vəziyyətini daha da ağırlaşdırır. Rusiya imperiyasının işğalçılıq məqsədi ilə ölkəyə ayaq açması müstəqilliyə vurulan ağır zərbələrdən biri olur. Bütün bunlar mədəniyyətin, ədəbiyyatın inkişafına mənfi təsir göstərir. Ölkənin ictimai həyatında baş verən uğursuzluq bədii ədəbiyyatda da əksini tapır. Əmani, Fədai, Məsihi, Saib, Qövsi və b. həyatda baş verənlərə öz yaradıcılıqlarında biganə qalmırlar.
Yazılı ədəbiyyatda Füzuli ənənələrinə uyğun lirik şeirlərlə yanaşı, epik məzmunda olan poemalar, tarixi mənzumələr meydana gəlir. Bu nümunələrdə ictimai zülmə, mülki bərabərsizliyə, ədalətsizliyə, özbaşınalığa etiraz və nifrət hissi də ifadə edilmişdir. Bu dövrdə şifahi ədəbiyyatın yüksək inkişaf səviyyəsinə qalxması diqqəti cəlb edir. XVII yüzillik şifahi ədəbiyyatın intibah dövrü sayılır.
Xalq qəhrəmanı Koroğlunun
Bakı şəhərindəki abidəsi.
Qəhrəmanlıq dastanı olan “Koroğlu”da xalqın azad, xoşbəxt yaşamaq arzusu, bunun uğrunda mübarizəyə qoşulması geniş əksini tapmışdır.
Bu dövrdə şifahi xalq ədəbiyyatının yazılı ədəbiyyata təsiri güclü olmuşdur. Bir çox sənətkarlar şifahi ədəbiyyatın janrlarından istifadə etmiş, əsərlərini canlı danışıq dilindən bəhrələnməklə yazmağa çalışmışlar. Bu həmin dövrün iki qüdrətli sənətkarının - Vidadi və Vaqifin yaradıcılığında daha parlaq ifadəsini tapmışdır.