Ana dilimizdə onun kimi sadə, aydın şeir yazan az olub. Müasirləri ona nəzirə yazmağa səy ediblərsə də, onun kimi gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.
Firidun bəy Köçərli
(ixtisarla)
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıfki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə
Bəzəyi, libası, hayıf ki, yoxdur.
Ucu əşrəfıli, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!