Bu yüzil xalqımızın tarixində mürəkkəb, ziddiyyətli bir dövrdür. Bir çox böyük dövlətlərin göz dikdiyi Azərbaycan Rusiya və İranın maraq dairəsində olub didişmə, çəkişmə, savaş meydanına çevrilmişdi. Nəhayət, 1828-ci ildə Türkmənçay müqaviləsi ilə xalqımızın tarixi faciəsinin bünövrəsi qoyuldu - vətənimiz iki parçaya bölündü. Rusiyanın müstəmləkəsinə çevrilən Şimali Azərbaycan İranın tabeliyinə keçən Cənubundan fərqli iqtisadi, siyasi yola düşdü. Bu, ədəbiyyata, eləcə də mədəni inkişafın digər sahələrinə öz təsirini göstərdi. Ədəbiyyatda bir tərəfdən əvvəlki dövrlərə məxsus məzmun və forma xüsusiyyətləri qorunub saxlanılır, digər tərəfdən yeni ideya, növ və janr zənginliyi meydana çıxır.
Feodal adət-ənənələrinin güclü olması, Rusiyanın mənfur müstəmləkə siyasəti ölkədə inkişafı ləngidirdi. Qabaqcıl ziyalılar, yazıçılar ölkənin inkişafı, xalqın mədəni səviyyəsinin yüksəlməsi ilə bağlı ciddi düşünməyə, əməli fəaliyyətə başladılar. Bu, ilk növbədə, maarifçilik hərəkatında özünü göstərdi. Maarifçilər məktəbə, teatra, mətbuata və ədəbiyyata böyük önəm verir, bu vasitələrdən istifadə etməklə milli ruhlu vətəndaş yetişdirməyin mümkün olduğuna inanırdılar.
1873-cü il martın 10-da M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, aprelin 17-də “Hacı Qara” əsərlərinin tamaşası təşkil edildi. Bununla da milli teatrın əsası qoyuldu. Bu, ölkədə canlanmaya səbəb oldu. Müxtəlif bölgələrdə bir-birinin ardınca tamaşalar təşkil olunmağa başlandı.
Həsən bəy Zərdabinin “xalqı qəflət yuxusundan oyatmaq üçün” böyük çətinliklə 1875-ci ildə çap etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatımız yarandı. Bu qəzet daha sonra bir sıra qəzet və jurnalların meydana gəlməsinə zəmin oldu. İşğalçı Rusiya imperiyası ölkəni idarə etmək üçün rus dilini bilən insanlara ehtiyac duyurdu. Bu məqsədlə çox məhdud həcmdə məktəblər açdı. Sonralar vətənpərvər ziyalılar, ciddi çətinliklərə baxmayaraq, azsaylı milli məktəblər açmağa nail oldular.
Bu dövrdə yaranan ədəbiyyatın mövzu dairəsi genişləndi, daha ciddi ictimai problemlərə müraciət olundu. Q.Zakirin, B.Şakirin, əsrin II yarısında S.Ə.Şirvaninin satirik şeirləri, A.Bakıxanovun, İ.Qutqaşınlının nəsr əsərləri ədəbiyyatın yeni istiqamətdə inkişafından xəbər verirdi. M.F.Axundzadənin bünövrəsini qoyduğu dramaturgiya (o həm də yeni tipli povest yazmışdır) N.Vəzirov tərəfindən davam və inkişaf etdirildi. Əsrin sonunda roman və faciə janırının ilk nümunələri yarandı.
Bu əsrdə, həmçinin ədəbiyyatşünaslıq, tarix, coğrafiya, fəlsəfə və s. elmlər üzrə tədqiqat əsərləri də yazılmışdır. Şifahi xalq ədəbiyyatının mühüm sahəsi olan aşıq yaradıcılığı bu yüzildə janr və sənətkarlıq baxımından yüksək səviyyəyə qalxdı. Bu sənətin ən qüdrətli nümayəndəsi Aşıq Ələsgər idi.