Tarixən qədim olan ədəbiyyatımızın müxtəlif dövrlərinə aid bədii nümunələrlə aşağı siniflərdə tanış olmuş, onların oxusu, məzmununun öyrənilməsi, təhlili ilə bağlı bacarıqlara yiyələnmisiniz. Səkkizinci sinifdə isə ədəbiyyatımızın qədim dövrlərdən başlayaraq inkişaf yolunu izləyəcəksiniz. Bu, xalqımızın müxtəlif dönəmlərdə həyatı, yaşayış tərzi, düşüncəsi, qarşılaşdığı problemlər barədə aydın təsəvvür qazanmağınıza imkan verəcəkdir. Bu sinifdə, həmçinin yeni ədəbi növ və janrlarla tanış olacaq, məzmun və forma xüsusiyyətlərinin aydınlaşdırılması, qiymətləndirilməsi ilə bağlı bacarıqlar qazanacaqsınız.
Tarixən çox qədim olan söz sənətinin ilk nümunələri insan cəmiyyətinin formalaşdığı uzaq keçmişdə yaranmışdır. Bəşər övladı hələ yazının olmadığı bir dövrdə öz hiss və düşüncələrini dilə gətirməyə, ifadə etməyə ehtiyac duymuş və beləliklə, xalq yaradıcılığı - şifahi ədəbiyyat meydana gəlmişdir. İnsanın inkişafı, təfəkkürünün zənginləşməsi xalq yaradıcılığının da məzmunca zənginləşməsinə, müxtəlifnöv və janrlarının meydana gəlməsinə səbəb olmuşdur. Xalqımızın yaratdığı nağıllar, əfsanələr, bayatılar, lətifələr, mahnılar, nəğmələr, atalarsözləri və məsəllər, dastanlar, aşıq poeziyası nümunələri və s. yüzillər boyu dinlənilmiş, oxunmuş və öz dəyərini qoruyub saxlamışdır. Xalqın arzusunu, istəyini, adət-ənənəsini, həyat hadisələrinə münasibətini doğma dildə ifadə edən şifahi ədəbiyyat yazılı ədəbiyyatın yaranmasına və inkişafına əhəmiyyətli təsir göstərmişdir. Zaman ötdükcə yazılı ədəbiyyatın da şifahi ədəbiyyatın məzmun və formaca zənginləşməsinə təsiri az olmamışdır. Bu da unudulmamalıdır ki, Azərbaycan ədəbiyyatı öz mənşəyini türk xalqları ədəbiyyatı üçün ortaq olan qədim türk, yaxud ümumtürk ədəbiyyatından almışdır. Söz sənətimiz, həmçinin həm Şərq, həm də Qərb xalqlarının ədəbiyyatı ilə bütün tarix boyu qarşılıqlı əlaqədə olmuş, ləyaqətli inkişafyolu keçmiş, dünya ədəbiyyatına əvəzsiz töhfələr vermişdir.
Ədəbiyyatımızın taleyi də xalqımızın taleyi kimi keşməkeşli olmuşdur. İşğallara, talanlara məruz qalan, zaman-zaman müharibə meydanına çevrilən vətənimizin maddi və mənəvi sərvətlərinin itkisi az olmamışdır. Elə bunun nəticəsidir ki, ədəbiyyatımızın tarixini ən qədim zamanlardan başlayaraq on birinci yüzilliyə qədər ardıcıllıqla izləmək mümkün deyil. Ədəbiyyatımızın ən çox ərəb istilasından sonrakı dövrlərdə yaranan nümunələri bizə qədər gəlib çatmışdır. Lakin bu dövrdə də yaranan əsərlərin çoxu ya itib-batmış, ya da məhv edilmişdir.