İyirminci yüzilliyin əvvəllərində müstəmləkə ölkəsi olan Azərbaycanda feodal münasibətləri çox güclü idi. Bakıda neft sənayesi sürətlə inkişaf etsə də, digər şəhərlər ticarətdən, əl əməyinə əsaslanan xırda sənətkarlıqdan irəli gedə bilmirdi.
Əhalinin yaşayışı çətinləşmiş, yoxsulluq dəhşətli bəlaya çevrilmişdi. 1905-ci il inqilabı Rusiyanın müstəmləkələrində - milli ucqarlarda oyanmaya səbəb oldu. İndi sadə insanlar da ictimai hadisələrlə maraqlanır, baş verənlərin mahiyyətini anlamağa çalışırdılar. Ölkədəki siyasi yumşalma mətbuat orqanlarının yaranmasına və fəaliyyətinə imkan yaratdı.
Bakıda nəşrə başlayan onlarca qəzet və jurnal müxtəlif ədəbi və siyasi istiqamətləri təmsil edirdi. Milli oyanışa, xalqın həqiqi azadlığına, ölkənin müstəqilliyinə yönəlmiş ictimai fikri ifadə edən mətbuat orqanları az deyildi. Bunların içərisində “Molla Nəsrəddin”jurnalının xüsusi yeri var idi. C.Məmmədquluzadənin redaktorluğu ilə nəşr edilən bu jurnalın ilk nömrəsi 7 aprel 1906-cı ildə Tiflisdə işıq üzü gördü. Qısa fasilələrlə 1931-ci ilə qədər Tiflisdə, Təbrizdə, Bakıda nəşr edilən bu jurnal ətrafına görkəmli yazıçıları, ziyalıları toplayaraq vətənin, xalqın mənafeyi uğrunda ardıcıl mübarizə apardı. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə və digər mollanəsrəddinçilər mütərəqqi ideyaları təbliğ edir, dini fanatizmi, mədəni geriliyi, siyasi naşılığı kəskin tənqid edirdilər.
XX əsrin əvvəllərində (1901-1920) yaranan ədəbiyyatda həyat hadisələrinə yanaşmada, onun təsvirində və təqdimində böyük fərq var idi. “Molla Nəsrəddin”də birləşən C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Nəzmi və b. öz yaradıcılıqlarında həyat həqiqətlərinə sadiq qalmaqla yanaşı, köhnəliyi, fanatizmi tənqid və rədd edir, yeni, azad, xoşbəxt cəmiyyətin yaranmasını vacib sayırdılar. Elə buna görə də belə yazıçılar tənqidi realizmin nümayəndələri sayılırdılar.
H.Cavid, M.Hadi, A.Səhhət və başqaları isə həyat hadisələrini olduğu kimi yox, özlərinin arzuladıqları, görmək istədikləri kimi təsvir edirdilər. Belə sənətkarlar romantizmin nümayəndələri hesab edilirlər.
Bu dövrdə maarifçi realist yazıçılar da fəaliyyət göstərirdi. S.S.Axundov, A.Şaiq, S.M.Qənizadə kimi maarifçi realistlər cəmiyyəti maarifləndirməyi vacib hesab edir, məktəbi, təhsili yeganə qurtuluş yolu sayırdılar.
Bu qısa zaman kəsiyində yaranan ədəbiyyat dərin ictimai məzmunu, milli mənafeyə əvəzsiz xidməti ilə qiymətlidir.