(1869-1932)
XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı Cəlil Məmmədquluzadədir. Onun yaradıcılığı ədəbiyyatımızın ən parlaq səhifələrindəndir. Ədibin hekayələrində gülüşlə bərabər, göz yaşı da vardır.
Əziz Mirəhmədov
(ixtisarla)
Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.
Kəndə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boylanırdılar ki, görsünlər, gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdu. Qıraq kəndlərdən də camaat xəbər tutub yavaş-yavaş gəlirdi.
Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi, katda, yasavul və qlava mirzələrindən savayı, həyətə girməyə heç kəsə izin verilmirdi. Həyətdə it yiyəsini tanımırdı. Səsdən və qilü-qaldan qulaq tutulurdu; bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb “haff” eləyirdilər, gah katdanın üstünə tullanıb “haff” eləyirdilər. Hərdənbir pristavın