Təbiətdə baş verən proseslər və hadisələr arasında qarşılıqlı əlaqələr mövcuddur. Onlar haqqında toplanan biliklər genişləndikcə coğrafiyada yeni sahələr yaranırdı.
Coğrafiya ilkin dövrlərdə təsviri xarakter daşımışdır. İlkin coğrafi biliklər məlum olan ərazilərin təbiətini, relyefini, iqlim şəraitini, su obyektlərini təsvir etməklə kifayətlənirdi. Bu təsvirlərdə iqtisadi coğrafiyanın ilkin inkişaf mərhələsi kimi xalqların məşğuliyyəti, adət-ənənələri, şəhərlər haqqında da zəngin məlumatlara rast gəlinirdi.
Bir çox təbii proseslər və hadisələr, o cümlədən Yerin kürə şəklində olması qədim dövrlərdən öyrənilmiş və izah edilmişdir. B.e.ə III əsrdə Eratosfen Yerin ölçülərini hesablamışdır. Hipparx Yerin öz oxu və Günəş ətrafında fırlanmasını, iqlimin Günəşin üfüqdə hündürlüyündən asılı olaraq dəyişməsini söyləmişdir.
Orta əsrlərdə Nikolay Kopernik Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasına əsaslanan heliosentrik sistem nəzəriyyəsini irəli sürmüşdür (1543).
Böyük Coğrafi kəşflər dövrünə qədər və onun ilkin vaxtlarında coğrafiyada təsviretmə ənənələri qalmaqda idi. Bunlar ümumi fiziki coğrafiya* (yerşünaslıq), regional fiziki coğrafiya və ya ölkəşünaslıq* bölmələrinin əsasını təşkil edirdi. Bu sahələrə aid zəngin məlumatlar toplanmışdı.