Yerin quru sahələrində yayılan bitki və heyvanların sayı daha çoxdur. Okeanlarda günəş işığının kifayət qədər olduğu şelf zonasında (200 m-ə qədər) həyat zəngindir. Mikroorqanizmlərin yayılma sahələri daha genişdir.
Biomüxtəliflik (bioloji müxtəliflik) - canlı orqanizmlərin növ müxtəlifliyi və dəyişməsini göstərir. Biomüxtəliflik ekoloji şəraitin müxtəlifliyini, onun daxilində müxtəlif bitki və heyvanların olmasını ifadə edir. Azərbaycanda 2006-cı ildə “Biomüxtəlifliyin qorunması üçün fəaliyyət planı” qəbul edilmişdir.
İlboyu istilik və rütubətin kifayət qədər olduğu ekvatorial enliklərdə bitki və heyvanat aləmi çox zəngindir. Amazon və Konqo çaylarının hövzələrində, Böyük Zond adalarında havanın orta illik temperaturu 25-28°C-dir, ilboyu 2000-3000 mm və daha çox yağıntı düşür.
Ekvotorial enlikdə - istilik və rütubət kifayət qədər olduğuna görə bitkilərin növ tərkibi, qidalanma şəraiti və həyat tərzi də müxtəlifdir. Meşələrdə heyvanlar aləmi zəngin və müxtəlifdir (yırtıcılar, quşlar, ilanlar, həşəratlar). Yer səthi bataqlıq olduğuna görə və yırtıcı heyvanlardan qorunmaq üçün onların bir qrupu ağaclarda yaşayır və ya gecə həyatı sürür. İlboyu şərait eyni olduğuna görə bitkilərin əksəriyyəti həmişəyaşıldır, heyvanların qidalanması üçün əlverişli şərait vardır.
Subekvatorial enliklərin savanna və seyrək meşə zonalarında yay isti və yağıntılı, qış isti və quru keçir. Bu ərazilərdə illik orta temperatur 20-30°C-dir. İl ərzində 1000-2000 mm yağıntı düşür. Savannalarda ot örtüyünün çox olması ilə əlaqədar otyeyən heyvanlar və onlarla qidalanan yırtıcı heyvanlar çoxdur. Qış dövrü quraq olduğuna görə Afrikada heyvanlar