Yer səthində günəş istiliyinin və rütubətin qeyri-bərabər paylanması nəticəsində bitki və heyvanlar aləmi müxtəlif olur. İstilik və rütubətin daha çox olduğu ərazilərdə sıx bitki örtüyü və zəngin heyvan növləri yaşayır. İstiliyin çox, rütubətin çatışmadığı ərazilərdə isə bitki və heyvanlar aləmi zəif inkişaf edir, susuzluğa davamlı olurlar. İllik orta temperaturu aşağı olan ərazilərdə də bitki və heyvanlar aləmi yaxşı inkişaf etmir.
Coğrafi qurşaqlar* - Yer səthinin enlik zonallığı üzrə ən böyük fiziki- coğrafi bölgüsüdür. Coğrafi qurşaqların adları və sərhədləri iqlim qurşaqları ilə təxminən üst-üstə düşür. Onların daxilində temperatur fərqi böyük deyildir, lakin rütubətlənmə şəraiti fərqlidir. Ona görə coğrafi qurşaqlar daxilində təbii zonalar əmələ gəlir.
Təbii zonalar* oxşar temperatur və rütubətlənmə şəraitinə, eyni növ torpaq örtüyünə, bitki və heyvanlar aləminə malikdir. Ekvatordan qütbə doğru istilik və rütubətlənmə şəraitinin dəyişməsi təbii zonaların da dəyişməsinə səbəb olur. Onlar arasında keçid zonalar əmələ gəlir. Bu zonalarda iqlim şəraiti il ərzində xeyli dəyişir. Buna görə bitki və heyvanlar aləmi də əsas təbii zonalardan fərqlənir.
Arktika və Antarktika səhraları qütblərə yaxın ərazilərdə formalaşır. Sərt təbii şəraitdə seyrək bitki örtüyü yaranır. Yayda buzdan azad olan ərazilərdə mamır, şibyə və yosuna rast gəlinir. Antarktidada bu ərazilər vahə adlanır. Şimalda ağ ayı, morj, suiti, cənubda pinqvinlər əsas heyvanlardır. Yayda quşlar (fırtına quşu, qağayı, albatros) məskən salır. Sahil sularında balina, suiti, dəniz fili və dəniz bəbiri yaşayır.
Avrasiya və Şimali Amerikanın şimalında tundra və meşə-tundra zonaları ayrılır. Qısa və sərin yay dövründə otlar və alçaq kollar bitir, şimal maralı, şimal tülküsü, canavar, quşlar yaşayır. Şam, küknar və tozağacından ibarət seyrək meşələr vardır.