Azərbaycanın düzənlik ərazilərində isti, quru iqlim şəraitində yarımsəhra və quru çöl bitkiləri bitir. Lənkəran ovalığında rütubətli həmişəyaşıl subtropik meşələr yaranır.
Böyük və Kiçik Qafqazın yamaclarında 500-600 m-dən 2000 m-ə qədər hündürlükdə meşələr yayılmışdır. Ölkəmizdəki meşələrdə enliyarpaqlı ağacların çoxu palıd, fistıq və vələs ağaclarından ibarətdir. Palıd meşələri Xəzər dənizinin səviyyəsindən başlayaraq 1200 m-dək inkişaf etmişdir. Ölkəmizin ərazisində gürcü palıdı, şabalıdyarpaq palıd, şərq palıdı, araz palıdı, uzunsaplaq palıd növləri vardır. Gürcü palıdı və araz palıdı quraqlığa davamlı olduğu üçün Həkəri, Gilgil çaylarının hövzələrində, Kiçik Qafqazın cənub-şərqində yayılmışdır. Böyük Qafqazda şabalıd ağacları yayılır.
Lənkəran ovalığında və Talış dağlarının ətəklərində şabalıdyarpaq palıd və dəmirağac bitir. Onlar Azərbaycan üçün endemik bitkilərdir, yəni təbii halda yalnız bu ərazidə bitir. Bu qrupa daxil olan ağac növlərinə Ceyrançöldə bitən Eldar şamı, Böyük Qafqazın cənub və cənub-şərq yamacında rast gəlinən qaraçöhrə də aiddir.
Saqqızağacı meşələri Qarabağ düzündə (Sultanbud) geniş sahə tutur. Qanıxçayın Əyriçayla qovuşduğu sahədə isə ensiz zolaq əmələ gətirir. Bəsit çayın hövzəsində şərq çinarı bitir.
Qrunt sularının yer səthinə yaxın yerləşdiyi ərazilərdə, xüsusilə Kür çayının sahilləri boyu əmələ gələn meşə zolağına tuqay meşələri deyilir. Tuqay meşələri ağyarpaq qovaq, söyüd, qaraağac, başqa ağac və kollardan ibarətdir. Düzənlik meşələri Şollar düzü, Lənkəran ovalığı və Qanıx- Əyriçayda da yayılır.
Ölkədə meşələrin az bir hissəsi iynəyarpaqlı ağaclardan ibarətdir. Onlara