İnkişaf etməkdə olan ölkələrə Şərqi Avropa, Asiya, Afrika, Latın Amerikasında yerləşən əksər ölkələr aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial inkişaf səviyyələrinə görə geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır.
İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu qrup ölkələrə mineral-xammal ölkələri deyilir. İEOÖ-in əksəriyyəti üçün kənd təsərrüfatı məhsullarının becərilməsi, onların xammal kimi ixracı da aiddir. Belə ölkələr aqrar-xammal ölkələri adlanır.
İEOÖ arasında böyük fərqlər olduğuna görə onları aşağıdakı kimi qruplaşdırırlar:
Əsas ölkələr ( Braziliya, Meksika, Hindistan və Çin ) güclü potensiala malikdir, ÜDM-in miqdarına görə dünyada ilk 20 ölkə sırasına daxildir, hər nəfərə düşən ÜDM-ə görə isə İEOÖ-lərlə eyni sırada dururlar. Bəzi emal sənayesi sahələri yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edir.