Bu gün insanların fəaliyyətinin bütün sahələrində plan və xəritələrdən istifadə olunur. Onların üzərində obyekt və hadisələr müxtəlif ölçülərdə təsvir olunur. Xəritələrdə obyektlərin qarşılıqlı vəziyyəti və yerləşməsi aydın görünür. Eyni bir ərazinin fiziki xəritəsini iqlim, torpaq, sənaye, kənd təsərrüfatı, əhalinin sıxlığı xəritələri ilə müqayisə edək. Bu zaman kənd təsərrüfatının iqlim, su obyektləri və torpaqdan asılı olduğu görünür. Əhalinin yerləşməsi isə relyef, su obyektləri, atmosfer yağıntıları və temperaturun paylanmasından asılı olaraq dəyişir.
Hava proqnozu, təbiətin mühafizəsi işlərində, tikinti layihələrinin hazırlanmasında xəritələrin əhəmiyyəti böyükdür. Əlverişli istiqamətlərdə yollar çəkilməsi, bu zaman torpaq daşınması işlərinin həcminin müəyyən edilməsi, lazım gəldikdə tunellər çəkilməsi xəritələr üzərində müəyyən edilir.
Plan və xəritələr üzərində hesablama aparılır. Hərbi əməliyyatların aparılması zamanı qoşunların yerləşdirilməsi və hərəkət istiqaməti əvvəlcə topoqrafik xəritələr üzərində çəkilir.
Faydalı qazıntıların axtarışı, meliorasiya işləri aparılması və coğrafiyanın tədrisini xəritəsiz təsəvvür etmək olmaz. Təyyarələr və gəmilər xəritələrə görə hazırlanmış xüsusi marşrutlarla hərəkət edir.
Ərazilərin mənimsənilməsi prosesində ilk növbədə xəritələr tərtib edilir. Sonra onun əsasında yaşayış məntəqələrinin, təsərrüfat obyektlərinin və yolların salınması yerləri müəyyən edilir. Ona görə də “xəritələr coğrafiyanın ikinci dili və əsas istiqamətləndiricisi hesab olunur”.