Xəritələr miqyasına, məzmununa və əhatə etdiyi ərazilərə görə qruplara ayrılır.
Miqyası 1:10 000-dən 1:200 000-ə qədər olan xəritələr böyük miqyaslıdır. Onlara topoqrafik xəritələr* də deyilir. Bu xəritələr üzrə dəqiq ölçmə işləri aparmaq olar. Miqyası 1:200000-dən 1:1000000-a qədər olan xəritələr orta miqyaslıdır. Onlara icmal-topoqrafik xəritələr də deyilir. Bu xəritələr üzrə çox dəqiqlik tələb etməyən ölçmə işləri aparmaq olar. Miqyası 1:1000000 və daha kiçik olan xəritələr kiçik miqyaslı xəritələrdir. Onlara icmal xəritələr də deyilir.