II.5. Xəritələrdə məsafələrin və
sahələrin hesablanması
Hazırda nəqliyyat vasitələrinin texniki imkanları kifayət
qədər böyükdür. Dünyanın bir nöqtəsindən digərinə
təyyarələrin uçuşu, gəmilərin hərəkət istiqamətlərinin və
getdiyi yolların müəyyən edilməsi lazım gəlir. Çayların
üzərində olan su anbarları və göllərin sahəsini, çəkiləcək
yolların uzunluğunu xəritələrdə asan hesablamaq olur.
1.
Xəritə üzərində verilən miqyas hansı hesablamaların
aparılmasına imkan verir?
2.
Xəritə üzərində təsvir edilən sahələrin və miqyasın
dəyişməsi ölçmə işlərinin dəqiqliyinə necə təsir edir?
Pərgar-mikrometr. Kurvimetr. Paletka.
Xəritələrdə iki məntəqə arasındakı məsafə, çaylar, yollar,
sərhədlər, boru kəmərləri kimi coğrafi obyektlərin uzunluğu
müxtəlif üsullarla hesablanır. Xəritələrdə bir meridian və ya bir
paralel üzərində olan istənilən iki məntəqə arasındakı məsafə
miqyasa və ya 1° meridian və paralel qövsünün kəmiyyətinə əsasən
hesablanır:
1) Məntəqələr eyni meridian və ekvator üzərində yerləşirsə,
hesablama aparmaq üçün
1°-lik meridian və ya ekvator qövsünün uzunluğu 111 km götürülür.
Bir çox hallarda
hesablamaların dəqiq olması üçün ekvator üzərində
1° qövsün uzunluğu 111,3 km, meridianlar üzrə 111,1 km qəbul
edilir.
2) Eyni paralellər üzərində yerləşən məntəqələr arasındakı
məsafəni hesablamaq üçün
onlar arasındakı coğrafi uzunluq fərqi
1° paralel qövsünün uzunluğuna vurulur. Məsələn, 40° şm.e.-də 1°
paralelin qövsünün uzunluğu 85,4 km-dir. Ona görə Bakı şəhəri
ilə Pekin şəhəri (117° ş.u.) arasındakı məsafə 5721,8 km olur:
(117°-50°) · 85,4 km = 5721,8 km. Bakı şəhəri ilə Madrid şəhəri
(4° q.u.) arasındakı məsafə isə 4611,6 km-dir: (50°+4°) · 85,4
km = 4611,6 km.