Dağlarda yol çəkilən zaman süxurların müxtəlif yatım formalarına rast gəlinir. Onları dağların sıldırım yamaclarında, çayların sahillərində də görmək olar. Bu ərazilərdə süxurlar çox vaxt üst-üstə toplanır, bəzən maili və ya müxtəlif formalar da olur. Onların belə vəziyyətlərdə toplanması Yer qabığının üfüqi və şaquli istiqamətli hərəkəti nəticəsində baş verir. Bu zaman süxurlar bir-birinə qarışır, biri digərinin üzərinə keçir. Nəticədə müxtəlif mənşəli və tərkibli süxurların növbələşməsi baş verir. Bu zaman süxurların mütləq və nisbi yaşını müəyyən etmək tələb olunur. Mütləq yaş süxurların yarandığı dövrdən indiyə qədər olan vaxtdır. Süxurların nisbi yaşını canlı orqanizmlərin daşlaşmış qalıqlarının yatım ardıcıllığına görə müəyyən etmək olar.