Yer qabığı üst mantiya ilə birlikdə bərk təbəqə olan litosferi* əmələ gətirir. Bu təbəqə litosfer tavaları* adlanan ayrı-ayrı parçalardan ibarətdir. Onlar litosferin geniş ərazilərini əhatə edən hissələridir. Litosfer tavalarının qalınlığı okeanlarda 50-100 km, materiklərdə 200-250 km arasında olur, üst mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində üfüqi istiqamətdə “sürüşür”. Mantiyanın üst hissəsində maddələrin yerdəyişməsindən əmələ gələn qüvvə litosfer tavalarının hərəkətinə səbəb olur. Mantiyadan Yer səthinə doğru qalxan güclü maqma axını litosfer tavalarını hərəkət etməyə məcbur edir. Yer səthində relyefin formalaşması, materiklərin yerdəyişməsi və formasının dəyişməsi litosfer tavalarının hərəkəti ilə bağlıdır.
Sərhədlərinin keçməsindən asılı olaraq materik və okean tipli litosfer tavaları ayrılır. Əhatə etdiyi əraziyə görə litosfer bir neçə iri tavaya bölünür. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit okean Yer üzərində ayrılan böyük litosfer tavalarıdır. Yerdə bir neçə kiçik litosfer tavaları da ayrılır (Filippin, Karib, Ərəbistan, Kokos və Naska). Sakit okean yalnız okean yer qabığına, digər böyük litosfer tavaları həm materik, həm okean yer qabığına malikdir. Kiçik tavalardan Ərəbistan materik tipli, qalanları isə okean tipli yer qabığına malikdir.