Buludlardan və Yer səthinə yaxın hava qatından onun üzərinə düşən sulara atmosfer yağıntıları deyilir. Atmosfer yağıntıları buludlardan yağış, qar və dolu formasında Yer səthinə düşür. Yer səthinə yaxın hava qatında isə şeh, duman, qırov və sırsıra halında yağıntı əmələ gəlir. Yağıntıların miqdarı, düşən suyun əmələ gətirdiyi qatın qalınlığı mm ilə ölçülür. Yağıntıların 79%-i okean və dənizlərin, 21%-i qurunun üzərinə düşür.
Yağışlar düşmə xarakterinə görə leysan, aramsız-narın və çiskin formalı olur. Leysan yağışları qısa müddətli və gur sulu olur, əsasən, topa-yağış buludlarından yağır. Aramsız-narın yağışlar az intensiv olur. Belə yağışlar bir neçə gün davam edir, laylı-yağış və yüksək-laylı buludlardan əmələ gəlir. Çiskin yağışların damcıları çox kiçik olur, havadan asılı vəziyyətdə yerə düşür. Onlar laylı və laylı-topa buludlardan yağır.
Yağıntıların paylanmasına coğrafi enliklər, atmosfer təzyiqi sahələri, okeanlara yaxınlıq, okean cərəyanları, dağların yamaclarının daimi küləklərə görə istiqaməti və ərazinin mütləq hündürlüyü təsir edir.
Yer səthinə düşən yağıntılar zonal paylanır, onların yarısı ekvatorial enliklərə düşür. Temperaturun dəyişməsi və atmosferin ümumi dövranı prosesində ekvatordan qütblərə doğru onların miqdarı dəyişir. Himalay dağlarının cənubunda olan Çerapunci rayonunda dünyada ən yüksək mütləq maksimum yağıntı olmuşdur. Havay adalarında orta illik yağıntılar 11000-12000 mm-ə çatır. Ən az yağıntı isə Cənubi Amerikada Atakama səhrasında və Şimali Afrikada Liviya səhrasında qeydə alınır (1-5mm/il).