XVIII əsrin ikinci yarısında
Azərbaycanda xanlıqlardan başqa
da dövlət qurumları var idi. Bu qu-
rumlar hansısa bir xanlığın tabeli-
yində idi.
Car-Balakən camaatı. Azərbaycanda mövcud olmuş dövlət qurumlarından biri də özünəməxsus idarə quruluşu olan Car-Balakən camaatı idi. Camaat* Qanıx (Alazan) çayının aşağı boyunu əhatə edən Azərbaycan torpaqlarında yerləşirdi. Azərbaycanın şimal-qərbində yaranmış Car-Balakən camaatı — Car, Balakən, Tala, Katex, Muxax və Cənik camaatlarını birləşdirirdi. Camaatın əhalisi, əsasən, bu yerlərin ən qədim sakinləri olan kimmer, iskit, sak tayfalarının, habelə digər oğuz və qıpçaq türklərinin nəsilləri olan Azərbaycan türkləri (muğallar) idi. Azərbaycan türkləri ilə yanaşı, burada ingiloylar, avarlar və saxurlar da yaşayırdılar. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov və bir çox nüfuzlu alimlər avarları qədim avar türklərinin davamçıları hesab edirlər. Avarların və sakların böyük hissəsi XVI əsrin sonu — XVII əsrin əvvəllərində Böyük Qafqazın uca dağlıq ərazilərindən — Dağıstandan köçüb gəlmişdilər. Onların köçməsi iqtisadi səbəblə, yaşadıqları dağlıq ərazidə yararlı torpaqların azlığı ilə bağlı idi. Əlverişli təbii şəraitin olması bu əhalinin Qanıx boyundakı Azərbaycan torpaqlarında məskunlaşmasına səbəb oldu. Onlar burada xarici hücumlardan qorunmaq üçün icmalarda birləşmişdilər. Camaatın əhalisi yaylaq-qışlaq maldarlığı, əkinçilik və sənətkarlıqla məşğul olurdu. Otlaqlar camaatın ümumi istifadəsində idi.