Bu dövrdə Avropada şərq ölkələrinə
maraq artmışdı. Şərqin zəngin sərvətlərini
Avropaya daşımaq üçün yaranmış
iri ticarət şirkətləri sürətlə genişlənirdi.
Londonda təşkil olunmuş ticarət
kompaniyaları şərq ölkələrinə öz
nümayəndələrini göndərirdilər.
Şərqə gedən yollar Azərbaycandan keçir. XVI əsrdə ingilis tacirləri Ərəşi* Cənubi Qafqazın ən böyük ipəkçilik mərkəzi kimi təsvir edirdilər. XVI əsrdə beynəlxalq ipək ticarət yolu Culfadan keçirdi. Culfa tacirləri xam ipəyi Azərbaycandan Avropanın Amsterdam, Marsel, Venesiya kimi şəhərlərinə, Osmanlı dövlətinə və Hindistana aparırdılar. Bu dövrdə Ordubad, Naxçıvan, Əylis Azərbaycanın xarici dövlətlərlə apardığı ticarət əlaqələrində vacib rol oynayaraq mühüm ticarət və sənətkarlıq mərkəzlərinə çevrilmişdi.
Azərbaycanda ticarət dövriyyəsi və sənətkarlıq məhsullarının istehsalında Təbriz xüsusilə fərqlənirdi. Təbrizdə Ön Asiyada ən böyük örtülü bazar fəaliyyət göstərirdi. Bu bazarda, əsasən, xarici ölkələrdən gətirilmiş və ölkə sənətkarları tərəfindən hazırlanmış bahalı mallar, xüsusilə daş-qaş, cəvahirat satılırdı.
Azərbaycan tacirləri Avropa ölkələri, Hindistan və Çinlə geniş ticarət əlaqələri yaratmışdılar.