Nadir şahın ölümündən sonra yerli
hakimlərin əl-qolu tam açıldı. Dövlətin
ərazisində çoxlu sayda müstəqil
xanlıq meydana gəldi. Belə xanlıqlardan
biri hələ Nadir şahın sağlığında
müstəqil olmağa təşəbbüs göstərən
Şəki xanlığı idi.
Hacı Çələbi xanın xanlığı möhkəmləndirmək üçün gördüyü tədbirlər. Nadir şahın öldürülməsindən sonra Hacı Çələbi Şəki xanlığının siyasi müstəqilliyini möhkəmləndirmək üçün tədbirlər gördü. O, Azərbaycan torpaqlarını vahid dövlətin tərkibində birləşdirmək siyasəti həyata keçirməyə başladı. Qonşu Qəbələ və Ərəş sultanlıqlarının xanlığa birləşdirilməsi bu istiqamətdə atılan ilk addım oldu. Hacı Çələbi xan sonra Təbrizə yürüş etdi, lakin bu yürüş uğursuz oldu. Bundan sonra Hacı Çələbi xan Şamaxı xanı ilə birləşib, 1748-ci ildə Qarabağa yürüş etdi. Müttəfiqlər Qarabağ xanlığının ilk siyasi mərkəzi olan Bayat qalasını mühasirəyə aldılar. Tarixdə “Bayat savaşı" adlanan bu döyüş də Şəki xanlığı üçün uğursuz oldu.
“Qızılqaya xəyanəti”. Azərbaycanda mərkəzləşdirilmiş vahid dövlətin olmaması qonşu dövlətlərin işğalçı siyasətinə şərait yaradırdı. Gürcü çarı II trakli Azərbaycanın qərb torpaqlarını işğal etmək üçün tez-tez işğalçı yürüşlər edirdi. Onun öz siyasətini həyata keçirməsində isə əsas maneə Şəki xanlığı idi.