Azərbaycan torpaqlarının bir-
ləşdirilməsi siyasətinin ikinci mər-
hələsi o qədər də asan olmadı. Di-
gər Azərbaycan xanlıqları dinc yolla
birləşmək istəmədilər.
Şamaxı və Cavad xanlıqlarının birləşdirilməsi. Dərbənd və Bakı xanlıqlarının birləşməsindən sonra Fətəli xanın məqsədi Şamaxını özünə tabe etmək idi. O, Şamaxını öz dövlətinin paytaxtı etmək istəyirdi, çünki Şamaxı coğrafi baxımdan əlverişli mövqedə yerləşirdi. Şamaxı xanlığının ərazisi, demək olar ki, Azərbaycanın şimal torpaqlarının mərkəzində yerləşirdi. Xanlığın Quba xanlığına birləşdirilməsi siyasi cəhətdən də əhəmiyyətli idi. Belə ki, Şamaxı qədim Şirvanşahlar dövlətinin paytaxtı olmuşdu. Şamaxının birləşdirilməsi həmçinin strateji əhəmiyyət daşıyırdı. Bununla gələcəkdə Qarabağ və Şəki xanlıqlarının, həmçinin Azərbaycanın cənub torpaqlarının birləşdirilməsinə şərait yarana bilərdi.
Fətəli xan Dərbənd və Bakı xanlıqları kimi Şamaxını da dinc yolla birləşdirmək istəyirdi, ona görə də Şamaxı xanlığı ilə danışıqlar apardı. Əldə edilən razılaşmaya görə, Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qorumalı idi. Əvəzində isə Şamaxı xanlığı hər il Quba xanlığına müəyyən miqdarda xərac verəcəkdi.