114
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Osmanlıların dövründə memarlığa böyük əhəmiyyət verilirdi. İstanbul başda olmaqla, Balkan, Yaxın Şərq, Misir, Tunis və Əlcəzairdə yüzlərlə məscid, mədrəsə, karvansara, bazar, körpü və başqa tikililər inşa edilmişdi. Osmanlıların hakimiyyəti dövründə İstanbul, Bursa, Sarayevo, Sofiya, Skopye, Dəməşq, Bağdad, Məkkə, Mədinə, Qüds, Qahirə və onlarla başqa şəhərlər elm və mədəniyyət mərkəzlərinə çevrilmişdi.
Azərbaycan mədəniyyətinin Anadolunun türkmən bəyliklərinin xalq mədəniyyətinə təsiri inkaredilməzdir. Abdalan-i Rumun (Abdal-Kalenden təriqətinə mənsub olan Anadolu dərvişləri) ən tanınmış nümayəndələri Azərbaycandan gələnlər idi. Türkmənlərin hökmranlıq etdikləri bölgə (Azərbaycan-Şərqi Anadolu-İraq) XIII-XV əsrlərdə, hələ Yavuz Səlimin istilalarına qədər olan uzun müddət ərzində vahid siyasi-mədəni birlik təşkil edirdi. Türk dilində yazıb-yaradan görkəmli şair (Nəsimi, Füzuli) və yazıçılar (İdrisi, Bitlisi) Təbrizdən Şərqi Anadolu və Kərbəlaya qədər uzanan bu türkmən bölgəsində yaşamış və yüksək osmanlı mədəniyyətinin inkişafında mühüm rol oynamışlar.
Osmanlılar: istilalar, imperiya,
Avropa ilə münasibətlər. Həlil İnalcık, səh.262.
XIV-XVI əsrlərdə mövcud olmuş Teymurilər dövləti Barlas türk tayfasından olan Teymur (1370-1405) tərəfindən qurulmuşdur.
Cığatay xanlarının sərkərdələrindən biri olan Teymur getdikcə zəifləyən Cığatay dövlətini möhkəmləndirmək və yenidən qurmaq məqsədilə hərbi yürüşlər təşkil etmişdir. O, 1370-ci ilə qədər hakimiyyət iddiasında olan türk-monqol əmirləri ilə müharibələr aparmış və həmişə qalib gəlmişdir. Teymur Mərkəzi Asiya, Şimali Hindistan, İran, Yaxın Şərq, Anadolu və Qafqaz, Qara dənizin şimalı, Dəşti-Qıpçaq, Volqa-Ural və başqa bölgələrdə hərbi uğurlar qazanaraq öz dövlətini nəhəng imperiyaya çevirmişdir. Paytaxtı Səmərqənd və Heratda yerləşən bu dövlət onun nəslindən olanların hakimiyyəti dövründə türk-müsəlman mədəniyyətinin mərkəzi olmuşdur.