12
TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Özbəkistan dövlətlərində, həmçinin bir sıra muxtar respublikalarda və ayrı-ayrı ölkələrdə 30-a yaxın türk etnosu mövcuddur. Keçmişdə bu xalqların əcdadları sak (skif-iskit), hun, turlar kimi fərqli adlarla adlandırılmışdır. Bununla belə, öz üçminillik tarixinin böyük bir qismində türk xalqları ümumi adla - türk adı ilə tanınmışlar.
Çin mənbələrində, çox ehtimal ki, türk adı ilə bağlı olan Ti (qədim oxunuşu Tiek) adına rast gəlinir. Çinin şimal-qərbindəki geniş çöllərdə köçəri həyat keçirən bu tayfa həm bizim eradan əvvəl, həm də bizim eranın ilk əsrlərində Çin mənbələrində Tinq-linq, yaxud Te-le də adlandırılır və türklərin əcdadları olan “Tu-tzüe” kimi təqdim edilir.
Başqa bir fərziyyəyə görə, türk adı köçəri tayfalar ölkəsi olan Turanın və qədim İran dillərində yazılmış mənbələrdə, xüsusilə də zərdüştlərin müqəddəs kitabı “Avesta”da adı çəkilən cəngavər tur tayfalarının adından yaranmışdır.
Hazırda türk adının ilk dəfə tam aydın və dəqiq şəkildə erkən orta əsrlərə aid olan Çin mənbələrində qeyd olunması hamı tərəfindən qəbul edilib. Sonralar, VII-VIII əsrlərdən başlayaraq, Tibet, Hind, Bizans, İran və Ərəb mənbələrində türk dilində danışan və tayfa halında yaşayan xalqların hamısı türk adlandırılır. Bu o deməkdir ki, şimal-qərbi Çindən tutmuş Qara dənizin şimal sahillərinədək böyük bir ərazidə məskunlaşan və hər birinin öz adı olan tayfa və qəbilələr üçün türk adı ümumi, birləşdirici bir ad idi.
Avrasiyada yaşayan türklərin ilk tədqiqatçıları bu xalqın adını ən qədim tarixi mənbələrdə axtarmışlar. Mənbə və tədqiqatlarda türk adına müxtəlif şərhlər və imzalar verilir. Çin mənbələrində bu ad “dəbilqə”, Mahmud Qaşqarlının sözlərinə görə, “yetkinlik, kamillik”, A.Vamberinin fikrincə isə, “mənşə, törəmə, nəsil” mənasını daşıyır.
Ziya Gökalpa görə türk sözü “qanun”, “qayda-qanuna malik olan” mə- nasındadır.
1911-ci ildə nəşr olunmuş qədim türk mətnindən məlum olur ki, türk sözü “güc, qüdrət” mənasını verir. Tarixən türk adı 552-ci ildə öz müstəqilliyini bərpa etmiş Göytürk dövləti ilə bağlıdır.
Türk adının mənasının bu qədər müxtəlif mənbələrdə şərh edilməsinin səbəbi nə ola bilər?