TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
123
Fərhad və Şirin dastanından bir parça:
“Eger bir kavm, ger yüz, yoksa mingdür,
Muayyen Türk ulusu hud, meningdür.
Alıp men taht-i fermanımga asan,
Çerig çekmey Hıtadan ta Horasan.
Horasan dimegil, Şiraz u Tebriz,
Ki kılmışdur neyi-i kilkim şeker-riz.
Köngül bermiş sözüme Türk, can hem,
Ne yalguz Türk, belkim Türkman hem”.
(“Əgər bir, yüz və ya min qövm (millət) olsa belə, bütün Türk ulusu mənimdir. Qoşun çəkmədən Çindən ta Xorasana qədər türk ölkələrini qələmimlə fəth etmişəm və onlar mənim fərmanımdadır. Təkcə Xorasanı deyil, Şiraz və Təbrizi ram etmişəm. Sözlərimə bütün türklər könül vermişlər. Yalnız buranın türkləri deyil, İraq və Anadolu türkləri də məni dinləyirlər”).
Dadaboyev H., Həmidov Z, Holmanova Z.
“Özbək ədəbi dili tarixi”. Daşkənd, 2007, səh.76
“Ölkələri qələmlə fəth etmək” ifadəsini necə başa düşürsünüz?
XIV-XV əsrlərdə hakimlik edən bu sülalənin əsasını Yivə oğuz-türk tayfasından olan Bayram Xoca qoymuşdur. Mərkəzi Azərbaycanda yerləşən bu dövlətin mövcud olduğu dövrdə İran, İraq və Cənubi Qafqazda türk əhalinin sayı artmışdı.
Qaraqoyunlu tayfası əvvəlcə Azərbaycanda, sonralar isə Dəclə və Fərat çaylarının yuxarı axarlarındakı ərazilərdə yaşamışdır. Qaraqoyunlu tayfa birliyinə daxil olan Baharlı tayfasının başçısı Bayram Xoca türk-monqoləsilli Cəlairilərin hakimiyyəti altında olarkən öz hakimliyini yaratmışdır. Onun qardaşı Murad Xoca isə Cəlairilərin Mosuldakı canişini idi. 1365-ci ildən onlar Cəlairilər dövlətinin tabeliyində olmuşlar. Bayram Xocanın ölümündən sonra onu oğlu Qara Məhəmməd əvəz etmişdir. O, Cəlairilər hakimiyyətinə sadiq qalaraq atasının əvvəllər idarə etdiyi bəylik və əraziləri əlində saxlamışdır.