150
LÜĞƏT
- A - Abbasilər - Əməvi sülaləsindən sonra hakimiyyətə gələrək xəlifəliyi beş əsrdən artıq (750-1258) əlində saxlayan sülalə olmuşdur. Altaylar - türk xalqlarından biridir. Çox hissəsi Rusiya Federasiyasındakı Altay Respublikasında və Altay diyarında, bir hissəsi Tuva və Monqolustanda yaşayır. Altay dağları - Orta Asiyada, Qazaxıstan, Rusiya (Sibir), Monqolustan və Çinin sərhədlərində yerləşən sıra dağlardır. Uzunluğu qərbdən şərqə doğru 2000 km-dir. Altay dil ailəsi - türk, monqol, tunquzmançu, yapon, Koreya dil qruplarından ibarətdir. Bu dillər Avropadan Yaxın Şərqə və Mərkəzi Asiyadan Uzaq Şərqə qədər uzanan ərazidə danışılan dilləri əhatə edən bir dil ailəsidir. Amudərya - tarixi adları “Amu” və “Ceyhun”dur. Pamir dağlarından başlayır, Tacikistan, Özbəkistan və Əfqanıstanın şimal-şərq sərhədlərindən keçdikdən sonra Türkmənistan və Özbəkistandan keçərək Aral gölünə tökülür. Anadolu - digər adı “Kiçik Asiya”dır. Asiya qitəsinin qərbində, Qara dəniz, Aralıq dənizi, Egey dənizi arasında yerləşən yarımadadır. Türkiyənin Asiya qitəsində qalan ərazisini təşkil edir. Aral gölü - Qazaxıstan-Özbəkistan (Qaraqalpaqıstan) sərhədləri içərisində olan Mərkəzi Asiyadakı ən böyük göldür. Atabəy - Səlcuqlu dövlətində şahzadələri öyrədib yetişdirən dövlət adamları olmuşdur. İlk dəfə Səlcuqlularda istifadə olunmuş, ancaq əvvəlki türk-müsəlman dövlətlərində də bu vəzifəni daşıyanlar olmuşdur. |
Atabəylər sülaləsi- digər adı Eldənizlərdir. 1136-1225-ci illər arasında Şimali və Cənubi Azərbaycanda hökm sürmüşdür. Dövlətin paytaxtı əvvəlcə Naxçıvan, sonra Təbriz olmuşdur. Avesta - zərdüştiliyin müqəddəs kitabıdır. İyirmi bir kitabdan ibarət olsa da, Böyük İsgəndərin işğalından sonra yox olan kitablardan yalnız Yasna, Visparad və Vendidad qalmışdır. Avrasiya - Avropa ilə Asiyanı əhatə edən coğrafi bölgəyə verilən addır. Avropa və Asiya sözlərinin birləşməsidir. Azov dənizi - Qara dənizin şimal-şərqində yerləşir. Kerç boğazı ilə Qara dənizə bağlanan, Rusiya ilə Ukrayna arasındakı daxili dənizdir. - B - Balxaş gölü - Qazaxıstanın mərkəzi hissəsində yerləşir. Gölün mənbələri İli, Karatal, Lepsi, Ağsu və Ayaköz çaylarıdır. Baktriya - digər adı Toharıstandır. Hindiquş dağları və Amudərya çayı arasında yerləşən, mərkəzi Bəlx şəhəri (Şimali Əfqanıstan) olan tarixi bölgədir. Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstanı əhatə etmişdir. Bəsrə körfəzi - “Fars körfəzi” də adlanır. Ərəbistan yarımadası ilə İranın cənub-qərbi arasında qalan, Hind okeanına bağlı olan körfəzdir. Baykal gölü - dünyanın ən dərin gölüdür. Qədim türkcədə “Bayköl” kimi qeyd edilir. Sibirin şərqində, Rusiya Federasiyasına aid olan İrkutsk vilayəti və Buryatiya arasında yerləşir. |