16
TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
Türklərin ən qədim yurdlarından biri olan Mərkəzi Asiyada türk xalqları ilə bağlı hesab edilən qədim mədəni bölgələr yerləşir. Bunlar, əsasən, Anav, Afanasyev və Andronov mədəniyyətləridir.
Anav mədəniyyəti. E.ə. IV minillikdə Mərkəzi Asiyanın cənub-qərbində, Şimali Xorasanda (indiki Türkmənistanın ərazisində) oturaq əkinçilik mədəniyyəti mövcud idi. Aşqabad şəhəri yaxınlığında qədim Anav yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı bu insanların suvarma arxlarından istifadə etdiyi və kənd təsərrüfatı ilə məşğul olduğu müəyyən edilmişdir.
Afanasyev mədəniyyəti Altay və Sayan dağlarından şimal-qərbdəki çöllərdə formalaşmış Tunc dövrü mədəniyyətlərindən biridir. Arxeoloji tədqiqatlar bu mədəniyyətə mənsub olan tayfaların kollektiv ovçuluqla, maldarlıqla, daşdan və tuncdan əşyalar düzəltməklə məşğul olduğunu ortaya çıxarmışdır. Arxeoloji tapıntılar göstərir ki, burada yaşayan tayfalar atları, iribuynuzlu heyvanları və dəvələri əhliləşdirmiş, həmçinin mis emalını bacaran ovçu və döyüşçülər olmuşlar.