18
TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
Prototürklərin (ön türklərin) əcdadları Mərkəzi Asiyanın şimal və şimal-şərq hissəsinin köçəri sakinləri hesab olunur. E.ə. I minilliyin ortalarında Altay dağlarından Qara dənizin şimal sahillərinə qədər uzanan geniş ərazidə ilk siyasi birlik, yəni proto (ön) dövlət - Sak (İskit) tayfa birliyi yarandı.
Şərq mənbələrində Sak, qərb mənbələrində isə Skif (İskit) kimi tanınan bu siyasi birlik Mərkəzi Asiya və onun ətraf bölgələrində yaşayan xalqların ilk hərbi-siyasi birliyi idi. Onlar e.ə. VIII - b.e. III əsrlər arasında, Baykal gölündən Dunay çayı sahillərinə qədər uzanan geniş ərazidə coğrafi xüsusiyyətlərdən asılı olaraq oturaq, yaxud köçəri həyat tərzi keçirərək öz mədəniyyətlərini və siyasi sistemlərini saxlamışlar. Saklar, əsasən, köçəri həyat tərzi keçirərək heyvandarlıqla məşğul olmuş, arabalarda qurulan çadırlarda yaşamışlar. Bununla belə, Krım və Azov dənizinin sahilləri kimi əlverişli bölgələrdə kənd təsərrüfatı və ticarətlə məşğul olmuşlar.
Sakların həyatı haqqında məlumatlar onların qonşuları və siyasi tərəfdaşları Əhəməni, Şərqi Roma (Bizans), Xan (Çin) kimi qədim imperiyalara aid mənbələrə əsaslanır. Saklar Ön Asiyaya yürüşləri zamanı Kiçik Asiyaya (Anadoluya) qədər gəlib çıxmışdılar. Tarixdə onların Əhəmənilərlə (Əhəməni şahları Kir və Daranın yürüşləri) mübarizəsi məlumdur. Makedoniyalı İsgəndərin İrana yürüşü ilə bağlı yazılarda saklar, onların məşhur qadın hökmdarı Tomiris barədə məlumatlar vardır.
Ön Asiyaya yürüş etmiş sak hökmdarını yunan tarixçisi Herodot Midias adlandırır. Firdovsinin “Şahnamə” əsərində o, Əfrasiyab, türk əfsanələrində isə Alp Ər Tonqa adı ilə təqdim edilir.
Çin mənbələrində saklar sai adlandırılmışdır. Qədim yunan və fars mənbələrində sak tayfalarının bir hissəsi sayılan massagetlərin adı çəkilmişdir. Bu tayfalar Aral dənizi ilə Xəzər dənizi arasında, Şimali Qafqaz və Azərbaycanda yaşamışlar.
Qədim fars mənbələrində sakların üç böyük qrupa: xaoma varqalara (xaoma (bihuşedici içki) bişirən saklar), tiqraxaudlara (şişburun papaqlı saklar) və paradarayalara (çaydan (Sırdərya) o yanda yaşayan saklar) bölündüyü haqqında məlumatlar var.